MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin Moskvada keçirilən iclasının yekunları üzrə əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.
Bu barədə MDB İcraiyyə Komitəsi xəbər verir.
Görüş zamanı regional sabitliyə və dövlətlərin milli təhlükəsizliyinə xüsusi diqqət yetirilib.
Bildirilib ki, komitə qoşunların döyüş və səhra hazırlığının səviyyəsinin yüksəldilməsi, hərbi qulluqçuların hərbi-peşə hazırlığı məsələlərinə prioritet diqqət yetirib.
Baş qərargah rəisləri müasir şəraitdə döyüş əməliyyatlarının aparılması təcrübəsinin qoşunların əməliyyat və döyüş hazırlığı təcrübəsinə tətbiq etməklə bağlı yanaşmaları dəstəkləyiblər.
“Görüşün nəticəsində milli və ümumi maraqlar nəzərə alınmaqla hərbi sahədə çoxtərəfli əməkdaşlıq sisteminin daha da inkişaf etdirilməsi ilə bağlı qərarlar imzalanıb”, - məlumatda bildirilib.
İclasda Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.