Mingəçevirdə vətəndaşın Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) dava salması barədə məlumat yayılıb. Bildirilir ki, dünən axşam saatlarında TTTYS-nin növbətçi bölməsinə gələn şəhər sakini dispetçer otağına daxil olaraq əməkdaşları təhqir edib, avadanlıqlara ziyan vurub.
Senzor.az-ın məlumatına görə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyası məsələyə münasibət bildirib.
Qeyd edilib ki, sentyabrın 19-da saat 21:02-də təcili yardıma vətəndaş Nərgiz Yusibova üçün mədə ağrısı narahatlığı ilə bağlı çağırış daxil olub.
"Çağırış edən şəxsə həmin saatda növdədə olan hər 2 təcili yardım briqadasının digər çağırışlarda olduğu bildirilib və bir qədər gözləmələri məsləhət görülüb. Lakin xəstə yaxını Məmmədov Bəxtiyar gözləməyib xəstəni Acil bölməsinə aparıb. Xəstəni qəbul edən həkim xəstədə cərrahi müdaxiləyə ehtiyacın olmadığını bildirdikdən sonra ona ilkin tibbi yardım göstərilib.
İlk tibbi yardımdan təxminən 7-10 dəqiqə ərzində Yusibova Nərgiz Vasif qızının ağrıları azalıb. Xəstə acildə olduğu müddətdə xəstə yaxını B.Məmmədov TTYS-nin dispetçer otağına daxil olub, orada kobud ifadələrlə işçiləri təhqir edib, stol, stulları dağıdıb qırıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Sonra Acilə gedərək həkimdən xəstənin daha 1 saat Acildə qalmasını tələb edib. Lakin həkim buna ehtiyac olmadığını bildirərək xəstəni evə göndərib və ixtisas həkiminə müayinə olunmağı məsləhət görüb", - xəstəxanadan qeyd olunub.