Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.
Senzor.az bildirir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da yürüşdə iştirak ediblər.
Sonra dövlətimizin başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.
Təməlqoyma mərasimindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Yerli vaxtla saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərindən fasiləsiz fit səsi verilib, toplardan yaylım atəşi açılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.