“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” istiqaməti üzrə növbəti il xərclərin həcmi cari ilə nisbətən 38,5% artımla proqnozlaşdırılıb, artımın səbəbi doktorantura səviyyəsi üzrə təhsil, ikili diplom proqramı və Dövlət Proqramının İdarəetmə Qrupunun maliyyələşdirilməsi xərclərinin artırılması olub.
Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” xərc maddəsi üzrə 2023-cü ildə 38,5 mln. manat proqnoz müəyyən edilibr ki, bu da 2021-ci il icra göstəricisindən 18,3 mln. manat və ya 3,7 dəfə, 2022-ci il proqnozundan 10,7 mln. manat və ya 38,5%, gözlənilən icra göstəricisindən isə 12,7 mln. manat və ya 49,2% çoxdur.
2022-ci ilin 9 ayı ərzində bu xərc maddəsi üzrə 8,1 mln. manat vəsait xərc edilmişdir ki, bu da illik büdcədə bu məqsədlər üçün nəzərdə tutulan məbləğin (27,8 mln. manat) 29,1%-i həcmindədir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib və həmin sərəncamın 4.1.1.-ci bəndi ilə Dövlət Neft Fondu Proqramın əsas maliyyələşdirilmə mənbəyi kimi müəyyən edilib.
2023-cü ildə bu Proqramın maliyyələşdirilməsi üçün 38 515,0 min manat məbləğində vəsaitin ayrılması təklif edilib. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən bu məbləğin 11 373,0 min manatı xaricdə doktorantura səviyyəsində təhsilin (bir doktorant üzrə illik xərc orta hesabla 51,0 min manat olmaqla 223 doktorant) maliyyələşdirilməsinə, 26 395,0 min manatı (bir proqram üçün 5 279,0 min manat olmaqla 5 proqram) ikili diplom proqramlarının maliyyələşdirilməsinə, habelə 747,0 min manatı Dövlət Proqramının icrasını təmin edəcək Dövlət Proqramının İdarəetmə Qrupunun 2023-cü ildə illik saxlanma xərcinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.