Məişət zorakılığı qurbanına çevrilən qadınların evlərində təhlükəsiz yaşamaq hüququ təmin edilməlidir.
Senzor.az xəbər verir ki, bu, "Qadınlara qarşı zorakılıq və məişət zorakılıq işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi" hesabatında əksini tapıb.
Hesabata əsasən, real təhlükənin mövcud olduğu hallarda məişət zorakılığı törətmiş şəxsə qurbanın yaşadığı yeri tərk etmək barədə göstəriş vermək və zorakılığı törətmiş şəxsin qurbanın yaşayış yerinə daxil olması və ya onunla əlaqə saxlaması qadağan edilməlidir.
Bu cür tədbirlər qurbanların təhlükəsizliyinə prioritet verilməklə dərhal həyata keçirilməli və kifayət qədər müddət üçün nəzərdə tutulmalıdır. Qısamüddətli mühafizə orderlərinin müddəti dəqiq göstərilməlidir ki, qurbanlar da tədbirin müddəti barədə aydın təsəvvürə və əminliyə sahib olsun.
Müddətin dəqiq göstərilməsi həm də o deməkdir ki, məsul əməkdaşda daha çox əminlik olur va onun üzərinə daha az yük düşür, çünki təhlükəli vəziyyətlərdə qısamüddətli mühafizə orderləri dərhal verilməlidir.
Polis orqanlarında 24/7 rejimində növbətçilik mexanizminin mövcudluğu va polisin qurbanların müdafiəsi sahəsin həlledici rolunun olması səbəbi ilə qısamüddətli mühafizə orderlərinin verilməsinin müstəsna olaraq polisə həvalə edilməsi tövsiyə olunur.
Qısamüddətli təcili orderlər verildikdən sonra ardıcıl mühafizə tədbirlərinin həyata keçirilməsi, məsələn, qurban müraciət etdiyi halda uzunmüddətli mühafizə orderlərinin verilməsi imkanı nəzərdə tutulmalıdır. Qurbanlar həmçinin əvvəlki qısamüddətli mühafizə orderi olmadan uzunmüddətli mühafizə orderi üçün müraciət etmək hüququna malik olmalıdırlar.
Mühafizədə heç bir boşluğun yaranmaması üçün qısa və uzunmüddətli tədbirlərin yaxşı əlaqələndirilməsini təmin etmək vacibdir. Məsələn, qısamüddətli mühafizə tədbirinə mühafizənin genişləndirilərək uzunmüddətli mühafizə tədbiri ilə əvəzlənə biləcəyi barədə müddəa daxil edilə bilər ki, bu iki tədbir bir-birini tamamlamış olsun.
Uzunmüddətli mühafizə orderlərində və məhdudlaşdırıcı orderlərdə hüquqpozanın qurbanın yaşadığı evindən çıxarılması və müəyyən müddət ərzində evə qayıtmasının qadağan edilməsi imkanı nəzərdə tutulmalı və qurbanın müraciəti asasında mühafizə müddətini uzatmaq imkanı mövcud olmalıdır.
Həm qısa, həm də uzunmüddətli mühafizə tədbirləri qurbanların yaşadığı mühitdə, evdə, iş yerində, həmçinin hadisələrə uşaqlar da cəlb edildiyi zaman məktəblərdə və uşaq bağçalarında hərtərəfli müdafiəsini təmin etməlidir. Məhkəmələr uzunmüddətli mühafizə orderləri vermək barədə qərar qəbul edərkən uşaqların hər hansı zorakılıq formasından, o cümlədən analarına və ya yaxın adamlarına qarşı zorakılığın şahidi olmaqdan qorunmaq hüquqlarını üstün tutmalıdırlar.
Təhlükəsizlik təmin edilməli və hüquqpozanın himayə və ünsiyyət hüququndan üstün tutulmalıdır. Mülkiyyət hüququ mühafizə orderlərinin verilməsinə mane olmamalı, qanunvericilik normaları bir-biri ilə ziddiyyətə girən hər hansı hüquqların balanslaşdırılmasına yönəlməlidir.
Bundan əlavə, qadınlara və uşaqlarına qarşı zorakılığın bütün formalarının qurbanları, məişət zorakılığının qurbanı olan qadınlar, elacə də cinsi zorakılıq və zorlama, təqib, cinsi qısnama, məcburi nikah va qadın sünnəti kimi digər zorakılıq növlərinin qurbanları tərəfindən mühafizə orderlərinin əldə edilməsini təmin etmək vacibdir.
Mühafizə orderləri həmçinin rəsmi nikahda yaşamayan və ya heç vaxt birlikdə yaşamamış qurbanları, məsələn gənc cütlüklər və keçmiş cütlükləri, eləcə də zorakılığa məruz qalan və ya onun şahidi olan uşaqları (18 yaşdan kiçik) müdafiə etməlidir.