Analitik Ekspertiza Mərkəzi dərmanların ev şəraitində necə və harada saxlanılmalı olduğu ilə bağlı məlumat yayıb.
Mərkəzdən Senzor.az-a verilən məlumata görə, çox zaman insanlar dərmanların harada saxlanılması məsələsinə lazımi diqqət yetirmir, yanlış olaraq dərmanları mətbəxdə və hamam otağında saxlayırlar. Amma, dərmanları düzgün yerdə saxlamaq, temperatur, rütubət, günəş şüaları kimi faktorları nəzərə almaq lazımdır ki, onların effektivliyi itməsin və sağlamlığımıza zərər verməsin.
Məlumatda qeyd edilib ki, dərmanların qonaq və yataq otağında saxlanılması temperatur baxımından daha uyğun yer hesab olunur:
"Həmçinin dərmanlar uşaqlar və heyvanlardan uzaq yerlərdə saxlanılmalıdır. Hər bir dərman vasitəsinin üzərində saxlanma şəraiti qeyd olunur. Əksər dərmanların saxlanması otaq temperaturunda - 15-25 dərəcə nəzərədə tutulub. Bu qrup dərmanları öz qutusunda, ağzıbağlı, quru, təmiz, gün düşməyən və sərin şkaflarda saxlamaq lazımdır".
Məlumatda həmçinin bildirilib ki, bəzi dərmanların qutusunun üzərində və içlik vərəqələrində saxlama şəraiti 2-8 dərəcə temperatur qeyd olunursa, onların soyuducuda saxlanılması mütləqdir:
"Onları rütubətdən qorumaq üçün soyuducuya yerləşdirməzdən əvvəl qutuya və ya polietilen paketlərə qoymaq lazımdır. Soyuducuda saxlanılan dərmanlarda donma izləri müşahidə olunduqda həmin dərmanlar istifadə olunmamalıdır. Günəş şüaları dərmanın xüsusiyyətlərini tamamilə dəyişdirə bilər. Adətən istehsalçı öz dərman vasitəsini şəffaf olmayan qablaşdırmada yerləşdirərək onu qoruyur. Bu cür dərmanlar qapalı və qaranlıq şkaflarda saxlanılmalıdır".
Bildirilib ki, dərmanlar hermetik qablarda satılır, amma bu fakta çox da diqqət yetirilmir:
"Bir çox dərman vasitələrinin qablaşdırılması açıldıqdan sonra içərisinə oksigen daxil olur, müəyyən müddətdən sonra dərman istifadəyə yararsız və hətta insan orqanizmi üçün təhlükəli olur. Bir qrup dərmanlar isə açıq havada buxarlanmağa başlayır. Saxlanma müddəti bitmiş dərmanı dərhal atmaq lazımdır. Bu prosesin də öz xüsusiyyəti var. Dərmanları sanitar qovşağa atmaq olmaz. Çünki onlar bu yolla təmiz su hövzələrinə də düşə bilər. Həmçinin dərmanları orijinal qablaşdırmada atmaq olmaz. Onları qutusundan çıxarıb kağıza bükmək və zibil qabına atmaq lazımdır. Şüşə qabda olan dərman vasitələrinin isə qablaşdırmasının üzərindəki adını qopartmaq lazımdır. Unutmaq olmaz ki, dərmanların effektivliyi onların düzgün saxlanılmasından asılıdır. Əgər dərmanlar düzgün saxlanılmasa, ən yaxşı halda o, öz xüsusiyyətini itirəcək, ən pis halda isə orqanizmə zərər verəcək".