
Bu gün paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində həyatını itirib.
“Azərişıq” ASC-dən saytın sorğusuna cavab olaraq bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
**
İlkin məlumata görə, onlar restorandan başqa bir yerə hündür metal nərdivan daşıyırmışlar və hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
**
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.
Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb.
Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.