“Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya növbəsində müəssisənin qapısını sındıran və üç həkimə xəsarət yetirən şəxslə bağlı araşdırma aparılıb. O, qeyd etdiyi kimi, qazi deyil".
Senzor.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxsin kimliyi məlum olub: “Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun Birinci Qarabağ müharibəsi zamanı döyüşməsi ilə bağlı dedikləri yalandır. Birinci Qarabağ döyüşləri zamanı onun 16 yaşı olub. Onun törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə DİN rəsmisi qeyd edib.
Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb. Sosial şəbəkədə yayılan videogörüntüyə əsasən arvadı ilə vaksinasiya növbəsinə gələn kişi poliklinikanın qapısını sındırıb.