Avqustun 6-da Yaponiyada II Dünya müharibəsinin son günlərində atom bombardmanına məruz qalan Xirosima qurbanlarının xatirə mərasimi keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Xirosimanın Sülh Xatirə Parkında keçirilən mərasimə təqribən 3 min nəfər qatılıb.
Mərasimdə BMT-nin Baş katibi Antonio Quterriş, Yaponiyanın Baş naziri Fumio Kişida, ümumilikdə 98 ölkənin diplomatları, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak ediblər. Rusiya və Belarusun nümayəndələri Ukrayna ətrafında baş verən hadisələrlə bağlı mərasimə dəvət edilməyiblər.
BMT-nin Baş katibi Antonio Quterriş son 12 ildə Xirosimadakı mərasimi ziyarət edən ilk BMT rəhbəri olub.
Yerli vaxtla saat 8:15 dəqiqədə, atom bombasının 1945-ci ildə şəhərə atıldığı anda mərasim iştirakçıları bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsini anıblar.
Mərasimdə çıxış edən Xirosima şəhərinin meri Matsui Kazumi bildirib ki, faciədən 77 il ötməsinə baxmayaraq bəşəriyyət hələ də nüvə silahının ləğvi uğrunda mübarizəni davam etdirir. Getdikcə daha çox ölkənin bu silahın ləğvi uğrunda hərəkata qoşulmasına baxmayaraq, bir sıra ölkələr atom silahının tətbiqindən danışır. İnsanlığı nüvə silahının ləğvi uğrunda daha fəal mübarizəyə dəvət edən mer, bütün nüvə düymələrinin basılmasının yolveriməzliyinə nail olmağa çağırıb. Nüvə silahına malik olan ölkələrin liderlərini Xirosima və Naqasakiyə dəvət edərək, onları bu faciəni bir daha yaşamağa və nüvə silahının dəhşətlərinə qarşı durmağa çağırıb.
Mərasimə ilk dəfə Yaponiyanın Baş naziri kimi qatılan Fumio Kişida da Xirosima faciəsinin heç zaman unudulmayacağını və onun qurbanlarının xatirəsinin daim əziz tutulacağını bildirib.
BMT-nin Baş katibi Antonio Quterriş öz çıxışında nüvə silahı təhlükəsinin Rusiyanın Ukraynaya hücumundan əvvəl də Yaxın Şərqdən Koreya yarımadasınadək olan bir ərazidə yaşandığını xatırladıb. Vurğulayıb ki, hazırda bəşəriyyət doldurulmuş vəziyyətdə olan odlu silahla oynayır.
Nüvə Silahının Ləğvi üzrə Müqavilənin tərəfdarlarının cari ilin iyununda Vyanada keçirilən görüşünü xatırladan A.Quterriş bu tədbirdə nüvə silahından azad dünyanın yol xəritəsinin hazırlanması üçün atılan addımın əhəmiyyətindən danışıb.
Nüvə Silahının Yayılmaması Barədə Müqavilənin iştirakçısı olan dövlətlərə müraciət edən BMT-nin Baş katibi onun həyata keçirilməsi üçün daha ciddi addımlar atmağa, insanlığın gələcəyi üçün böyük təhlükə yaradan bu silahın ehtiyatlarının ləğv edilməsinə nail olmağa çağırıb.
İnsanların Xirosima faciəsini daim xatırlamasının vacibliyini qeyd edən A.Quterriş nüvə silahından xilas olmağın yeganə yolunun yalnız bu silahın ləğvindən ibarət olduğunu vurğulayıb.
Xatırladaq ki, Xirosimaya atılan atom bombası nəticəsində bir gündə 70 mindən 100 minədək insan həlak olub. 1945-ci ilin sonlarında bu qurbanların sayı 140 mini ötüb.
Hər il atom hücumundan xəsarət alan “hibakuşya”lar vəfat etdikcə həmin siyahı yenilənir. Bundan əlavə siyahıya ölümü indiyədək təsdiqlənməyən, lakin atom bombardmanı zamanı həyatını itirən insanların da adı əlavə edilir. Bildirilir ki, ötən il “Xatirə kitabı”na daha 4 min 900 nəfərin adı daxil edilib və hazırda Xirosimada atom bombardmanından həlak olanların sayı 350 mini ötüb.