
Rusiyanın Sankt-Peterburq şəhərində məşhur milyarder - iri sahibkar İlya Traber hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə "Fontanka" nəşri məlumat yayıb.
Bildirilib ki, əməliyyat tədbirləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Mərkəzi Aparatının işçiləri tərəfindən icra olunub. Axtarışlar Traberin Leninqrad vilayətindəki bağ evində, iş adamının Starorusskaya küçəsi 12 ünvanında yerləşən ofisində və bir sıra müəssisələrdə, o cümlədən Traberin biznes tərəfdaşlarından birinin ətrafında aparılıb.
SHOT kanalının məlumatına görə, iş adamı 2020-ci ildə Vıborq şəhəri ətrafında deputat Aleksandr Petrovun sifarişli qətlini təşkil etməkdə günahlandırılır.
Hazırda 75 yaşlı sahibkarın ünvanlarında axtarışlar davam edir. Yaxın vaxtlarda Traber istintaq hərəkətlərinin davam etdirilməsi məqsədilə Moskva şəhərinə aparılacaq.
Xatırladaq ki, 61 yaşlı deputat və sahibkar Aleksandr Petrov 24 oktyabr 2020-ci ildə Vıborq yaxınlığında, Velikoye qəsəbəsindəki kottecdə qətlə yetirilmişdi. Qatil ona çayın o biri sahilindən 7.62 millimetr kalibrli snayper silahından atəş açmışdı.