
Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiç hakimiyyət orqanları tərəfindən həbsinə cəhd ediləcəyi təqdirdə aclıq aksiyasına başlayacağını bildirib. O qeyd edib ki, belə bir hal yaşanarsa, bir milyon insan etiraz üçün küçələrə axışacaq.
Bu barədə "Glassrpske" nəşri məlumat yayıb.
"Hadisə baş verdiyi an küçələrdəki bir milyon insanla nə edəcəksiniz?", - deyə Vuçiç vurğulayıb.
Sabiq dövlət başçısı ölkədən qaçmaq və ya gizlənmək niyyətində olmadığını bir daha təkrar edib. O, parlamentdə səs çoxluğu qazanmış tələbə hərəkatının təmsilçilərini sərt tənqid edib. Bildirib ki, rəqiblər özlərinə düşmən hesab etdikləri şəxslərə ziyan vurmağa çalışırlar.
Bundan əlavə, siyasətçi Serbiya Tərəqqi Partiyasının (STP) növbəti prezident seçkilərində iştirakının əleyhinə çıxış edib. O hesab edir ki, bu addım onun siyasi rəqiblərinə legitimlik qazandıra bilər.
Qeyd edək ki, oktyabrın 31-də ölkənin keçmiş rəhbəri üçün yeni iş yerinin tapıldığı bildirilmişdi. Onun namizədliyi yenidən Serbiya Tərəqqi Partiyasının (STP) sədri vəzifəsinə irəli sürülüb.
Oxu.az xatırladır ki, Vuçiç 2012-ci ildən 2023-cü ilə qədər partiyaya rəhbərlik edib. Sentyabrın 27-də o, Serbiya prezidenti postundan istefa verib, oktyabrın 25-də keçirilən seçkidən sonra isə rəhbərlik etdiyi "Birləşmiş Serbiya" koalisiyasının məğlubiyyətini və müxalif "Tələbə siyahısı"nın qələbəsini etiraf edib.
Yeri gəlmişkən, səsvermənin oktyabrın 25-də açıqlanan nəticələrinə əsasən, serb müxalifəti cüzi fərqlə qalib gəlib. "Tələbə siyahısı" tərəfdarlarının oktyabrın 26-da təşkil etdiyi kütləvi şənliklər sonradan küçə iğtişaşlarına çevrilib.