Azərbaycanın Baş prokurorunun müavini – Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
Baş Prokurorluqdan Senzor.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin xidmətlərini yüksək qiymətləndirib.
Xanlar Vəliyevə Prezident İlham Əliyevin Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 2005-ci ildə Azərbaycanın Hərbi prokuroru vəzifəsinə təyin edilmişdi.
Artıq sabiq Hərbi prokurorun bundan sonra Konstitusiya Məhkəməsinin hakimi kimi fəaliyyətini davam etdirə biləcəyi barədə iddialar yayılıb.
Qeyd olunur ki, ötən gün Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edərək, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddini 70-dən 75-ə artırıb. Bu səbəbdən hazırda 70 yaşı olan Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat göndərilə bilər.
Yeri gəlmişkən, daha öncə 69 yaşında ədliyyə naziri vəzifəsindən azad edilən Fikrət Məmmədov da Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.