Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirib.
Bu barədə o, "Telegram" kanalında paylaşdığı videoda danışıb.
Zelenski deyib ki, Rusiya ərzaq böhranını sentyabr ayında qəsdən ağırlaşdırmağa başlayıb. Dövlət başçısı Rusiyanın qərarının gözlənilən olduğunu vurğulayıb.
Ukrayna lideri bildirib ki, Rusiya Federasiyası sentyabr ayından bəri taxıl dəhlizi razılaşması çərçivəsində Ukrayna limanlarını tərk edən 176 gəminin hərəkətinin qarşısını almağa çalışıb.
"Rusiya sentyabr ayında ərzaqla yüklənmiş gəmilərin hərəkətinin dayandırılması ilə qəsdən ərzaq böhranını kəskinləşdirməyə başlayıb. Sentyabrdan bəri öz marşrutu ilə gedə bilməyən 176 gəmi taxıl dəhlizində qalıb. Bu, 7 milyondan çox istehlakçının qidasıdır. Bəzi taxıl daşıyıcıları üç həftədən çoxdur ki, gözləyirlər. Əlcəzair, Misir, Yəmən, Banqladeş, Vyetnam, bu və digər ölkələr Rusiyanın qəsdən təhrik etdiyi ərzaq böhranından əziyyət çəkə bilər”.
Zelenski həm BMT-ni, həm də G20 ölkələrini Rusiyanın bu hərəkətinə reaksiya verməyə çağırıb. O, Rusiya Federasiyasının taxıl sazişində iştirakını dayandırdığı üçün “Böyük İyirmilik”dən çıxarılacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Rusiya taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib.