
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Senzor.az bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti proses avqustun 7-nə təyin edilib.
Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, onlar Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2-ci (rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz dövriyyəsi, həmin sənədlərdən istifadə) maddələri ilə ittiham olunurlar.