
İyulun 23-də Pentaqon ABŞ ordusunun İranla münaqişədə verdiyi itkilərlə bağlı rəsmi rəqəmlərdə dəyişiklik edərək, həlak olanların sayını 18-dən 14-ə endirib.
Bu barədə "The New York Times" (NYT) nəşri məlumat yayıb.
Pentaqonun mətbuat katibi əvəzi Coel Valdes bu rəqəm dəyişikliyini saytda "məlumatların işlənməsində yaranan müvəqqəti nasazlıq" ilə izah etməyə çalışıb. Lakin qəzetin mənbələrinin bildirdiyinə görə, bu düzəliş məhz daxili müzakirələrin nəticəsində baş verib və dörd hərbçinin adı siyahıdan məqsədyönlü şəkildə silinib.
Söhbət aprel ayında atəşkəs barədə rəsmi açıqlamadan sonra İordaniya və İraqın şimalında İranın endirdiyi zərbələr nəticəsində həyatını itirən hərbçilərdən gedir.
NYT-nin həmsöhbətlərinin sözlərinə görə, onların rəsmi statistikadan çıxarılmasına da məhz bu amil əsas verib. Nəşr həmçinin diqqətə çatdırır ki, atəşkəs rejiminin pozulmasından sonra Pentaqon hərbçilər arasındakı itkilərlə bağlı məlumatları çox dərc etmir.
Senzor.az xatırladır ki, bu günlərdə Pentaqonun sözçüsü Şon Parnell təkcə son iki həftədə 100-dək ABŞ hərbçisinin yaralandığını açıqlayıb (Bundan daha əvvəl isə 482 nəfərin yaralandığı barədə məlumat yayılmışdı). Həlak olanlara gəlincə, ABŞ Prezidenti Donald Tramp özü şəxsən bəyan etmişdi ki, indiyədək İranla müharibədə 18 amerikalı hərbçi həyatını itirib.