
44 günlük Vətən müharibəsində oğlunu itirən ana növbəti fədakarlığı ilə hər kəsi duyğulandırıb. Şəhid anası qızının sağlamlığı üçün donor olaraq böyrəyini ona bağışlayıb.
Senzor.az bildirir ki, bu barədə həkim Eldar Əhmədov sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, həyata keçirilən transplantasiya əməliyyatı uğurla başa çatıb.
Həkimin sözlərinə görə, hazırda həm donor olan ana, həm də böyrək köçürülən qızın müalicəsi davam edir və onların vəziyyəti qənaətbəxşdir. 

Şəhid anasının övladı üçün göstərdiyi bu fədakarlıq sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. İstifadəçilər ana sevgisinin və fədakarlığının ən təsirli nümunələrindən biri kimi bu hadisə ilə bağlı çoxsaylı paylaşım edərək ailəyə dəstək və xoş arzularını çatdırıblar.
Qeyd edək ki, Elvin Novruzov Vətən müharibəsi şəhididir. O, Qubadlının azad edilməsi uğrundan gedən döyüşlərdə şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. 
Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.