Fransa Əfqanıstanda "Taliban" hərəkatının hakimiyyətini tanımağı planlaşdırmır.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian “Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.
"Biz ölkəni güc yolu ilə tutmuş “taliblər”in hakimiyyətini tanımağa hazırlaşırıqmı? Bu suala aydın cavab verirəm: - xeyr", - nazir deyib.
O vurğulayıb ki, "taliblər” rəsmi Parisin irəli sürdüyü tələbləri bilirlər. Le Drian qeyd edib ki, bu tələblərdən əsasları həyatları təhlükə altında olan əfqanlara ölkəni tərk etməyə imkan vermək, həmçinin terrorçularla əlaqələri kəsməkdir.
Fransa Xarici İşlər Nazirliyinin başçısı xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq indi əsas planda üç məsələ dayanır: Əfqanıstanın terrorçuların hərəkətləri üçün platformaya çevrilməsinə yol verməmək, qarşıdakı aylarda əhalinin köçünə hazırlaşmaq və regional sabitliyin təminatıdır ki, Əfqanıstandakı vəziyyət bütün regionu sarsıtmasın.
"Report" xatırladır ki, Fransanın ictimai xadimləri ölkənin prezidenti Emmanuel Makrona Əfqanıstandan olan bütün qadın qaçqınlara sığınacaq verilməsi tələbi ilə müraciət ediblər.