Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan kürəkəni Elnur Mövlanov həbs edilib. Bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Senzor.az xəbər verir ki, A.Qasımovun qızı, tanınmış xanəndə, Əməkdar artist Fərqanə Qasımova məsələyə instaqram hesabında münasibət bildirib.
“Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli yorumları oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim”, - o qeyd edib.
Əməkdar artist vurğulayıb ki, hər kəsin bir sınağı olur: “Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kimsəyə başucalığı gətirməz. Taleyin öz hökmü var.
Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Tanrı bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir.
Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yol tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır.
Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin.
Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur – bunun özü də bir mədəniyyətdir.
Hər kəsin diqqətini çəkmiş hadisə sadəcə bizim ailə problemimizdir. Lütfən, qarışmayın”.
Xatırladaq ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.
**16:25
Xalq artisti Alim Qasımovun kürəkəni həbs olunub.
"Report"un əldə etdiyi məlumata görə, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir.
Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir. Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.
Bu gün məhkəmənin baxış iclası keçirilib. Zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb.
Növbəti iclas sentyabrın 30-a təyin olunub.
Qeyd edək ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.