Azərbaycan oxucusuna “Qalxın, Cavid gəlir”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “O Ay birdə doğmayacaq”, “Manas bayatıları”, “Səfir”, “Vətən dahiləri”, “Azərbaycan şərqiləri”, eləcə də Avropada ingilis, fransız və alman dillərində yayımlanan “Bakılı Nobel”, “Neft taleli Nobel”, “Ayrılıq”, “Səfir”, bir sözlə 75 kitabın, 4 teatr tamaşasının müəllifi kimi yaxşı tanış olan Əmir Pəhləvanın daha bir kitabı işıq üzü görmüşdür.
“İdeyalardan obrazlara” adlanan bu kitabda müəllifin 80-cı illərdən üzü bəri müxtəlif qəzet və jurnalarda çap edilən dövrün ictimai – siyasi eybəcərliklərini tənqid atəşinə tutan məqalələri, habelə nisbətən sonrakı, müstəqillik dövründə özünü göstərən naqisliklər, çatışmamazlıqlar öz əksini tapmışdır. Kitab haqqında danışarkən əvvəlcədən deyərdim ki, əsərin müəllifi hazırda həm ölkə hüdudlarından kənarda, həm də respublikamızda tanınmış dramaturq, yazıçı-şair, publisisit kimi özünü təsdiq etmiş Əmir müəllimlə fakültələrimiz ayrı olsa da əslində tələbə yoldaşı olmuşuq. Belə ki, o, jurnalistika, mən isə tarix fakültəsində oxuyurduq. Hərbi (o vaxtlar “voenka” adlandırdığımız) dərslərində isə Əmir də daxil olmaqla jurnalistika fakültəsinin bir neçə tələbəsi ilə bir qrupdaydıq. Tez – tez “qohum” humanitar fakültə tələbələri kimi aramızda müxtəlif tarixi şəxsiyyətlər haqqında polemika, bəzən isə kəskin mübahisələr olurdu. Gənclik çılğnlığı və maksimalizmi ilə müşayiət olunan bu mübahisələrdə, əlbəttə, hər birimiz özümüzü haqlı sayır, istər tarixi şəxsiyyətlər, istərsə də müxtəlif tarixi hadisələri daha yaxşı bildiyimizi sübut etməyə çalışırdıq. Hələ bu mübahisələrdə o vaxtkı gənc tələbə Əmir özünün dərin, əhatəli biliyi, eredusiyası, intellekti, müxtəlif hadisələrin baş vermə səbəblərinə bir çox hallarda fərqli, original baxışları ilə fərqlənirdi. O vaxtkı Əmirdə həm də haqsızlığa dözümsüzlük, haqq - ədaləti hər şeydən uca tutmaq, üsyankarlıq, yıxılana dayaq durmaq, ehtiyacı olana kömək əlini uzatmaq və s. kimi mərdanə keyfiyyətlər özünü qabarıq şəkildə göstərirdi. Bu keyfiyyətlərinə görə o, hamımızın sevimlisinə çevrilmişdi. Əmir Pəhləvanın sözü gedən əsəri ilə tanış olarkən onun bu keyfiyyətlərinin kitab variantında da təsdiqini tapdığının şahidi oluruq.
Bəri başdan deyim ki, əsərlə tanış olduqca müəllifin düşüncə tərzinin zənginliyinə, yaradıcılıqları təhlil edilən şair, yazıçı, filosof və mütəfəkkirlərin əhatəliliyinə yeni yanaşma üsulu və fərqli baxış tərzinə heyran olmaya bilmirsən. Əmir Pəhləvan təhlil etdiyi tanınmış, məşhur şəxsiyyətlərin – Hüseyn Cavidin, Mirzə Cəlilin, Sabirin, Xətib Təbrizinin, Nəiminin, Nəsiminin, B.Vahabzadənin və s. kimi nəhəng, Azərbaycan ədəbiyyatında özlərinə məxsus yer tutmuş, özlərini təsdiq etmiş simaların yaradıcılığını təhlil edərkən təkcə təhlillə, onları “danışdırmaqla”, əlbəttə, onları öz dövrlərinin “standartları” ilə arşdırmaqla kifayətlənmir, onların yaraıcılığının çağdaş ədıbi tənqiddə əhəmiyyətini, bir çox hallarda onlara bəslənilən ögey münasibəti də ürək ağrısı ilə açıb göstərir. Yuxarıda göstərdiyim kimi ədib öz xarakterinə məxsus sürərdə belə hallara kəskin etirazını bildirir, daha doğrusu, “üsyan” qaldırır. Hələ maraqlı orasıdır ki, bir çox hallarda onların yaradıcılığına bu vaxta qədər bəslənilən bayağı və dayaz elmi münasibətlə də razılaşmır, onlara daha fərqli baxış bucağından baxır və qiymət verir. Şübhəsiz ki, bu zaman onun dərin zəkası, iti ağlı, zəngin biliyi, çox geniş aspektli mütaliəsi, intellekti ayrı – ayrı şəxsiyyətlərdə bu vaxta qədər görmədiyimiz detalların, xüsusiyyətlərin üzə çıxmasına imkan verir. Məsələn, o, bu kitabda verdiyi “Azərbaycan” qəzetinin 1993-cü il 4 iyun tarixli sayında çap olunan “Mədəniyyətimiz və mədəniyyətdaşlığımız” məqaləsində Rəşid Behbudovun Hindistana səfərinin İndira Qandinin sovet hökumətinin başçısını qəbul etdiyi müddətə düşdüyünü, Zeynəb Xanlarovanın Əfqanıstana səfərinin sovet qoşunlarının Kabil ətrafında döyüşlərinə ruh gətirmək üçün olmasını, xalçaçılarımızın “Brejnev babanı” ordenlərini alması münasibəti ilə xalıya “toxumalarını”, Qara Qarayevin zəncilərin Afrikadakı savaşından çox, rus avtomatlarının xiridarlarını ruhlandırmasını qeyd edərək bu mədəniyyətin mədəniyyətdaşlıq kimi insanı sarsıtdığını xüsusilə qabardır. Əmir Pəhləvan qeyd edilən hər bir böyük dühanın bir ovuc siyasi cüvəllağının əlində oyuncağa çevrildiyini qəzəblə göstərir və buna qarşı öz etirazını bildirir. Dərhal da buradaca ritorik suallarla oxucuya müraciət edir: başqa bir şəraitdə ABŞ-ın prezidenti Maykl Ceksonu Vyetnamda konsert verməyə göndərə bilərdimi? Doğrudanmı 8 il İran – İraq müharibəsində qanı tökülən on minlərlə Azərbaycan türkünün haqqında bircə kəlmə danışmamağımız özümüzə haqq qazandırmağa imkan verəcəkmi? Axı, bütün şairlər kimi, yazıçılar, rəssamlar, heykəltaraşlar, bəstəkarlar, bir sözlə, “mədəniyyət xadimləri” hər hadisədən danışmışlar, bircə bundan savayı. Həmin dövrdə beynəlxalq aləmdə baş verən haqsızlıqdan, ədalətsizlikdən uzun – uzadı danışdığımız halda İran –İraq müharibəsində din, dil və can qardaşlarımızın qırılması barədə susmağımızı ört – basdır edə biləcəyikmi? Beynəlmiləlçiliyimiz elə bu idimi?
Elə buradaca müəllif özünə xas qətiyyətlə bu haqsızlığın səbəbini və səbəbkarını axtarır və bildirir ki, burada ayrı – ayrı fərdlərin heç bir günahı yoxdur. Günahkar kommunist, totalitar, avtoritar sistemdir. Buna uyğun olaraq fikrini yekunlaşdıraraq bildirir ki, biz tarixin 70 illik mədəniyyətsizlik mərhələsindən çıxmalıyıq. Caviddən verilən aşağıdakı misralarla yazısına son akkord vurur:
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Dramaturq özünün başqa bir - “Allah bizi Mirzə Cəlilin prototiplərindən qorusun!” adlı məqaləsində isə XIX əsrin sonları – XX əsrin əvvəllərində yaşamış Mirzə Cəlilin əsərlərindəki prototiplərin hazırda həyatımızın bütün sahələrində olduğu kimi ədəbiyyat, incəsənət, mədəniyyət və elm sahələrində də aparıcı liderlik missiyalarını ələ keçirib bir başqa donda, başqa biçimdə fəaliyyət göstərmələrini qabardır. Üstəlik, burada Əmir Pəhləvan jurnalist peşəsinə sadiq qalaraq Mirzə Cəlilin “Poçt qutusu”, “Ölülər”, eləcə də “Lisan bəlası” adlı satirik şerində əsl dilçi kimi onun sözlərdən necə məharətlə, əsl xalq danışıq dilində, sadə insanların da çox rahat şəkildə başa düşüb qavrayacaqlari biçimdə istifadə etməsinə diqqət çəkir və bu halı xüsusilə qabardır.
Dramaturq özünün “Cavid fəlsəfəsi Azərbaycan mədəniyyətinin dan yeridir” adlı məqaləsində isə ƏSL ZİYALI təəsübkeşliyi ilə BÖYÜK Cavidə dünənə qədər “Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazıb “zamanın nəbzini tuta bilməməkdə” Cavidi günahlandıranların indi “ədalət mundiri” geyinərək onu mədh etmələrinə qarşı üsyan qaldırır. Açıq şəkildə bildirir ki, bu insanlar NKVD – nin və 37-nin ”Gül balaları” olmalarını qismətə bağladıqları üçün bugünkü İlahi Ədaləti həzm edə bilmirlər. Onların “saman altından su yeritmək” və “qəzəb”lərinin, “acıq”larının bədəlini geri qaytarmaq arzusunda olmalarını bildirən müəllif elə buradaca özünə xas qətiyyətlə bildirir ki, onlar buna nail ola bilməyəcəklər. Çünki Cavidin Turan və Türk fəlsəfəsi alınmaz bir səngərdir. Göstərmək istərdim ki, bu məqalədə müəllif Cavidin BÖYÜKLÜYÜNÜ, NƏHƏNGLİYİNİ, MÖHTƏŞƏMLİYİNİ xüsusi olaraq vurğulayır və göstərir ki, Cavidlik dünyanı öz problemlərindən xilası üçün baş verir. Cavid öz ziyarətini böyük ədəbiyyata etmişdi, onun özünü ziyarət edənlər isə Yeri axtarmağa üz tuturlar. Yer adlı planet əhatəcə böyük olsa da, Cavid o ərazidə zühur olunub. O, yerə - göyə sığmır.
Burada Əmir Pəhləvanın daha bir müsbət jestini qeyd etmək istərdim. Belə ki, o, oxucunu yormamaq üçün bu istiqamətdə daha danışmır, sadəcə olaraq Cavidin fikir fəlsəfəsi və reallıqlar sindromunun hələ 1999 –cu ildə Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulmuş “İnsan və İblis” dramında təhlil olunduğunu bildirir.
...Düşünürəm ki, Əmir Pəhləvanın Cavidin çox dərin, ucu – bucağı görünməyən fəlsəfi fikirlər dünyasını açmaq üçün yazısını kiçik bir məqalədə vermək qeyri – mümkündür. Ona görə də səviyyəli, dərin oxucularımızı, Cavidsevərləri bu kitabın özü ilə bilavasitə tanış olmağa çağırıram.
Çağdaş zamanımızda Azərbaycan dramaturgiyasının ən böyük simalarından hesab edilən Əmir Pəhləvanın haqqında sözü gedən əsərində dövrümüzün ən böyük şairlərindən biri hesab edilən Bəxtiyar Vahabzadə haqqında yazdığı “Əsl vətəndaş və milli təfəkkür şairi” məqaləsi də xüsusilə diqqəti cəlb edir. Belə ki, məqalədə əvvəlcə müəllif şairin Vətən sevgisini, Yurd sevgisini, ana dilinə bağlılığını ön plana çəkir və çox doğru olaraq bildirir ki, o, dağları, qayaları, çayları, torpağı da öz ana dilində danışdırır. Ona görə də Bəxtiyar Vahabzadənin ana dili Vətən dilidir, Varlıq dilidir – deyir Əmir Pəhləvan.
Müəllif Bəxtiyar Vahabzadənin Azərbaycan dilinin möhtəşəmliyinə, gücünə, millətin ruhunun yenilməzliyinə necə böyük diqqət yetirdiyini vurğulamaq üçün onun yaradıcılığından belə bir şeir parçası verir:
Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da – Azərbaycandır,
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
Bəli, doğurdan da Azərbaycan xalqını, Azərbaycanı iki yerə bölən “ağalar” bu işi görəndə bəlkə də ağıllarına da gətirmirdilər ki, bu xalq nə dilini, nə adət - ənənələrini, nə də ədəbiyyatalarını nəinki unutmayacaq, əksinə dilini də, adət - ənənəsini də təəsübkeşliklə qoruyub saxlayacaqdır. Əmir Pəhləvan da şairin yaradıcılığında bu amilə xüsusi diqqət yetirir və onu qabardır.
Aydındır ki, şair, yazıçı daima həyatda gördüyü nöqsanlara və naqisliklərə qarşı çıxır, həmişə müxalifətçi mövqeyində dayanır. Bu baxımdan Bəxtiyar Vahabzadə də istisnalıq təşkil etmir. Bir çox hallarda həyat fəlsəfəsini qabardan, onun ən incə xüsusiyyətlərinə varan Bəxtiyar Vahabzadə oğurluğa, əyriliyə qarşı daha amansız olur, belə halları amansızlıqla qamçılayır. Bu baxımdan aşağıdakı şeir parçası dediklərimizə sübutdur:
Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində
Əyrilik sayılır fərasət, Allah.
Əmir Pəhləvan da şairin yaradıcılığında məhz bu xüsisiyyətlərini önə çəkir və onları qabardır.
Kitabı vərəqlədikcə müəllifin tariximizə, ədəbiyyatımıza aid qədim Azərbaycan əlyazmalarına da əsl ziyalı təəssübkeşliyi və jurnalist diqqət - qayğısı ilə yanaşdığının şahidi oluruq. Belə ki, 1990- cı ildə redaktoru olduğu “İLHAM” qəzetində çap elədiyi “Haradasan, Azərbaycan əlyazmaları” adlı məqaləsindən aydın olur ki, müəllif Azərbaycan SSR EA – nın Əlyazmalar İnstitutunun arxivində sənədləri nəzərdən keçirərkən B-3111, F.R – 830, B-154, B-4601, B-1723, B-2537, A – 340, D – 492, B- 2939, A – 832, B- 3465, B-3403, M-402 nömrəli kataloq vərəqələrində əlyazmaların əvvəldən və yaxud sonradan nöqsanlı olduğunu aşkar etmişdir. Buradaca Əmir müəllim çox haqlı olaraq sual qoyur: Görəsən keçmişimiz, gələcəyimiz olan bu qızıldan qiymətli xəzinələri kim bu günə qoyub? Günahkar kimdir? Əlbəttə, suala cavab vermək çox çətindir...
Burada müəllif başqa bir faktı da ortaya qoyur. Məlum olur ki, arxivdə elə əlyazmalar var ki, onların tarixi barədə oxucular hər hansı bir məlumat əldə edə bilmirlər. Məsələn, B-2939, 21136 nömrəli kataloq vərəqində yazılmışdır:”Nühcül – müstərşidin ərəbcə əlyazması, tarixi qeyd edilməmişdir”. Sonra da özü göstərir ki, belə faktlar onlarcadır. Buradaca çox haqlı olaraq kəskin bir ritorik sual qoyur: Görəsən, bu qədər rütbəli filoloq, ədəbiyyatşünas və şərqşünaslar, o cümlədən, akademiklərimiz nə ilə məşğuldurlar?! Olub – qalan əlyazmaların tədqiqini tamamilə unudublar. Axı, indi elə bir vaxt yetişib ki, gələcək nəsillərin yaşamaq düsturu elm xadimlərindən, ədəbiyyatşınaslıqdan daha çox asılıdır!
Bəli, Əmir Pəhləvanın haqqında danışdığım “İdeyalardan obrazlara” əsəri haqqında fikirləri yekunlaşdırmaq, etiraf edirəm ki, elə də asan deyil. Belə ki, kitabda intibah dövrünün nümayəndələrindən olan Fələki Şirvani, Əfzələddin Xaqani, hürufiliyin banisi Nəimi, onun ardıcılı, Azərbaycan xalqıının böyük oğlu İmadəddin Nəsimi və s. kimi böyük şəxsiyyətlərin, korifeylərin də yaradıcılığı kifayət qədər dərindən araşdırılmış, müəllif tərəfindən qeyri – standart, orijinal baxış bucağından təhlil edilmiş, “xoruz banı eşitməmiş” detallar açıqlanmış, layiqli qiymətini almışdır. Deyilənlərə əmin olmaq üçün tələbkar oxucularımıza yazıçı – dramaturq, şair, publisist, ssenarist Əmir Pəhləvanın “İdeyalardan obrazlara” kitabı ilə daha yaxından tanış olmağı məsləhət görərdim.
İLQAR HEYDƏROĞLU
Tarix üzrə fəlsəfə doktiru, əməkdar müəllim