“Mənim indi bu dəqiqə əsa ilə gəzən vaxtımdır. İndi babat olmaq bizim üçün yaxşıdır. Bu dəqiqə işim-gücüm özümə baxmaqdır, başqa iş-güc var ki?“.
Bunu Moderator.az-a açıqlamasında səhhətində problem yaranan Xalq artisti Rasim Balayev deyib.
“Pandemiya da bir yandan bizi üzür. Dostumuz rəhmətə gedir, ora da gedə bilmirik. Çox qəribə bir hal yaşayırıq. Bir də görürsən ki, illərdir dostluq etdiyim adam ölür, sakitcə aparıb qoyurlar qəbirə. Biz axı belə hallara adət etməmişik. Adam gərək özünü saxlaya ki, pandemiyada ölüb, urvatsız olmasın”, - deyə aktyor əlavə edib.
Rasim Balayev bir müddət əvvəl mərhum Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül İbrahimova ilə tanınmış aktrisa Məlahət Abbasova arasında yaranan qalmaqala da münasibət bildirib və bəzi saytlardan narazılığını dilə gətirib.
“Səfurə İbrahimova gedib pullarını çıxarmırdı. Bilirsiniz nə qədər pul yığılmışdı balansına? Onda qəribə psixoloji pozğunluq əmələ gəlmişdi, deyirdi ki, mən gedib pulu alaram, sonra məni öldürərlər. Bunu mən onun yaxınlarından eşitmişəm. O ki, qaldı Səfurə öləndən sonra yaranan bu qalmaqala. Bu haqda o qədər də məlumatım yoxdur. Onun pulu və mirası axır-əvvəl kiməsə qalmalı idi də. Bankda qalmaqdansa qoy elə qardaşı qızına qalsın da. Deyilənə görə qardaşı qızı pis-yaxşı ona baxıb. Bu cür söz-söhbətlər sənətkarın ruhunu incidir. Nəyə lazımdır? Bəzən saytları izləyirəm. Bəzi şou saytlarında və səhifələrində o qədər biabırçılıqlar var ki. Yazırlar ki, filankəs hamilədir, yox deyəsən bir müddət sonra hamilə olacaq. Mənim nəyimə lazım kim qısırdır, kim hamilə olacaq? Bilmirlər ki, daha hansı yollarla saytı doldursunlar! Camaatın, yeni nəslin tərbiyyəsini bax belə pozurlar”, - deyə sənətkar vurğulayıb.