
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”, - hökumət başçısı bildirib.
N.Paşinyanın sözlərinə görə, hökumət Şimal-Cənub strateji avtomobil yolunun Sisian-Kacaran hissəsinin tikintisinə başlamaq üçün şirkətlər üçün tender elan edəcək: “Seçim 70 gün davam edəcək, bundan sonra seçilmiş şirkətlər əsas müsabiqədə iştirak edə biləcəklər. Hər şey edilməlidir ki, ilin sonuna qədər prosesi başa çatdıraq”.
O əlavə edib ki, yeni yol təkcə Şimalla Cənubu (yəni Ermənistanı İranla-red.) deyil, həm də Qərblə Şərqi (yəni Azərbaycan, Ermənistan, Naxçıvan və Türkiyə-red.) birləşdirməlidir.