
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, fevralın 1-dən 28-dək havanın orta sutkalıq temperaturu 8,2 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yüksəkdir: “Belə göstəricilərlə, bu ilin fevral ayı son 70 ildə ən isti fevral ayı olub”.
Xidmət rəisi qeyd edib ki, ay ərzində ən yüksək temperatur fevralın 9-da olub-19 dərəcə isti. Bu da iqlim normasından 9 dərəcə yüksəkdir. Ən minimal temperatur isə fevralın 6-da qeydə alınıb -1,7 dərəcə.
Fevralın 13-də Bakıda şimal-qərb küləyinin maksimal sürəti 25 m/s -ə çatıb: “Ötən illərlə müqayisədə bu il fevralda yağıntı xeyli az düşüb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm (aylıq normanın 14 faizi), Qazax-Gəncə zonasında 1-5 mm (aylıq normanın 2-22 faizi), Qarabağ zonasında 12-16 mm (aylıq normanın 40-45 faizi), Balakən-Şəki zonasında 3-22 mm (aylıq normanın 8-73 faizi), Mərkəzi Aran zonasında 2-13 mm (aylıq normanın 6-62 faizi), Lənkəran-Astara zonasında 40-51 mm (aylıq normanın 39-84 faizi) qeydə alınıb”.
U.Tağıyevanın sözlərinə görə, mart ayının ilk günlərində iqlim normasından yüksək temperatur rejimi davam edəcək, birinci ongünlüyün ikinci yarısı isə hava qeyri-sabit keçəcək.