
BMT-nin Baş katibi Antonio Quterreş bu gün qurumun yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyəti ilə Şimali Kiprə səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Şimali Kiprin İnformasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, səfər 3 gün davam edəcək.
Antonio Quterreşin Şimali Kiprin Prezidenti Tufan Erhürman və Kipr Prezidenti Nikos Xristodulidis ilə ayrı-ayrılıqda görüşləri planlaşdırılıb.
Qeyd edilib ki, BMT-nin Baş katibi çərşənbə günü liderləri Lefkoşadakı bufer zonasında BMT-nin Xoşməramlı Missiyasının ofisində bir araya gətirəcək. Üçtərəfli görüşdən sonra Baş katibin mətbuat konfransı keçirməsi planlaşdırılır.
Məlumatda həmçinin vurğulanıb ki, bu səfər vəzifədə olan BMT Baş katibinin təxminən 16 ildən sonra Kiprə ilk səfəri kimi tarixə düşəcək.
Səfər zamanı Quterreşi BMT-nin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə Baş katibinin müavini Rozmari Dikarlo, Sülhməramlı Əməliyyatlar üzrə Baş katibinin müavini Jan-Pyer Lakrua və Kipr üzrə şəxsi nümayəndəsi Mariya Anxela Holquin müşayiət edəcəklər.