
İran kollektiv müdafiə haqqında Məkkə sazişinə qoşulmaq üçün dəvət alıb.
Bunu İran parlamenti mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi Al Mayadeen telekanalına müsahibəsində deyib.
Rəhiminin sözlərinə görə, İran hakimiyyəti hazırda bu təklifi nəzərdən keçirir. O, həmçinin vurğulayıb ki, region ölkələri arasında "təhlükəsizlik çətiri"nin yaradılması İranın maraqlarına uyğundur. Rəhimi xatırladıb ki, Tehran uzun müddətdir buna çağırış edir.
Onun dediyinə görə, ABŞ region ölkələrinin təhlükəsizliyini təmin etmək barədə verdiyi vədləri yerinə yetirmək əvəzinə, onların təhlükəsizliyini təhdid edir.
Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək. ABŞ Prezidenti Donald Tramp sazişi dəstəkləyib.