
ABŞ hakimiyyəti ilk dəfə 40 trilyon dolları ötən dövlət borcu problemini həll etmək üçün əhali arasında narazılıq yarada biləcək tədbirlərə əl ata bilər.
Bu barədə "The Washington Post" yazıb.
Nəşrin məlumatına görə, federal hökumət uzun illər ərzində vergilərdən əldə etdiyi gəlirdən daha çox vəsait xərcləyib. Bu isə büdcə kəsirinin və dövlət borcunun davamlı artmasına səbəb olub.
Qeyd olunur ki, ABŞ-ın 30 illik dövlət istiqrazlarının gəlirliliyi 5,27 faizi ötüb. Ekspertlər hesab edirlər ki, Vaşinqton borclanmanı azaltmaq üçün vergiləri artırmaq və ya dövlət xərclərini azaltmaq arasında seçim etməli olacaq. Hər iki variantın əhali arasında ciddi narazılıq yarada biləcəyi bildirilir. Mütəxəssislər həmçinin borca xidmət xərclərinin iqtisadi artımdan daha sürətlə artdığı “borc spiralı” riskindən xəbərdar edirlər.
Qeyd edilib ki, hazırda ABŞ dövlət borcu üzrə faiz ödənişlərinə ildə təxminən 1 trilyon dollar xərcləyir.
Peterson Dünya İqtisadiyyatı İnstitutunun qiymətləndirməsinə görə, islahatlar aparılmadığı təqdirdə ABŞ-ın dövlət borcu 6 il ərzində 50 trilyon dollara çata bilər.