“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan XƏBƏRDARLIQ
FOTO

“Azərbaycanda fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media subyekti kimi təqdim etməyə cəhd göstərirlər”.

 

Senzor.az bildirir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda belə deyilir.

 

“Azərbaycan ərazisində media fəaliyyəti həyata keçirən bütün media subyektləri “Media haqqında” Qanunun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada “Media Reyestri” İnformasiya Sistemində mövcud olmalıdırlar.

 

Özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən, yayımladığı materiallarda media etikası tələblərinə riayət etməyən “Ajmedia.news” veb-saytı “Media Reyestri” İnformasiya Sistemində mövcud deyildir.

 

Bununla yanaşı, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar müvafiq resurs barəsində məhkəmə tərəfindən aidiyyəti qərar qəbul edilib və onun fəaliyyəti qanunsuz hesab edilib.

 

Bir daha bildiririk ki, bütün media subyektləri, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən və media fəaliyyəti həyata keçirən subyektlər qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməli, öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etməlidirlər”, - bəyanatda vurğulanıb.

 

Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları adıçəkilən saytla bağlı birgə açıqlama yayıblar.

 

Açıqlamada bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini müxtəlifliyin qorunması, konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi və multikultural dəyərlərin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. 

“Dini icmalara göstərilən maliyyə dəstəyi də bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacib göstəricilərindəndir. Bu dövlət siyasətinin yaratdığı əlverişli şəraitdə Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları öz fəaliyyətlərini şəffaflıq, hesabatlılıq və qanunvericiliyin tələblərinə riayət olunması prinsipləri əsasında həyata keçirirlər.

 

Bu günlərdə özünü Azərbaycan Yəhudi Media Mərkəzi kimi təqdim edən quruma məxsus “AJMedia” xəbər portalında ölkədə fəaliyyət göstərən yəhudi dini icmalarının fəaliyyəti, o cümlədən, maliyyə məsələləri ilə bağlı həqiqəti əks etdirməyən məlumatın yayılması təəssüf doğurur.

 

Birmənalı şəkildə qeyd edirik ki, ayrılan vəsaitlərin istifadəsi müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir, maliyyə əməliyyatları müvafiq nəzarət və hesabatlılıq çərçivəsində aparılır”, - məlumatda vurğulanıb.

 

Bildirilib ki, hər hansı media qurumunun yəhudi dini icmasının adından çıxış etməsi, onun mövqeyini icmanın özünün rəsmi mövqeyinə istinad etmədən təqdim etməsi və ya icma adından ictimai rəy formalaşdırmağa cəhd göstərməsi qəbuledilməzdir və media fəaliyyətinin əsas prinsipləri ilə ziddiyyət təşkil edən yolverilməz yanaşmadır: “Bir daha qeyd edirik ki, Azərbaycanın yəhudi dini icmaları “AJMedia”nı özünün  informasiya resursu olaraq qəbul etmir, onu bu və ya digər formada dəstəkləmir, həmin resursda dərc ediləm fikirlərin icmaların mövqeyini əks etdirmədiyini bildirirlər.

 

Yəhudi dini icmaları bundan sonra da fəaliyyətləri ilə bağlı media nümayəndələrinin suallarını cavablandırmağa və ictimaiyyəti maraqlandıran məsələlərlə əlaqədar mövqelərini birbaşa açıqlamağa hazırdırlar”.

 

Birgə açıqlamanı Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski və Sefarad Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Zamir İsayev yayıblar.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.