
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı hərbi rütbəsi verib.
Senzor.az bildirir ki, bu barədə Çeçenistan mediası məlumat yayıb.
“Rusiya Prezidentinin fərmanı ilə Rusiya Federasiyası Qəhrəmanı general-polkovnik Ramzan Kadırova ordu generalı rütbəsi verilib. Həmçinin ordu generalı Ramzan Kadırova qırmızı beret təqdim olunub”, - məlumatda vurğulanıb.
Çeçenistan liderinə yeni rütbəsini və qırmızı bereti Rusiya Milli Qvardiyasının (Rosqvardiya) rəisi Viktor Zolotov təqdim edib.
Məlumatda o da qeyd olunub ki, müasir Rusiya hərbi rütbələri sistemində bu, marşaldan sonra ikinci ən yüksək hərbi rütbədir. Başqa sözlə, ordu generalı rütbəsi hazırda Rusiya ordusunda de-fakto ən yüksək rütbədir, çünki 1997-ci ildən bəri heç kimə marşal rütbəsi verilməyib.
Tünd qırmızı beret isə Rusiya Milli Qvardiyasının (Rosqvardiya) xüsusi təyinatlı bölmələrində və bəzi digər təhlükəsizlik xidmətlərində ən yüksək fərqlənmə forması hesab olunur.