
Səbinə Əliyeva yenidən ombudsman seçilib.
Senzor.az bildirir ki, bununla bağlı Milli Məclisdə səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva 100, Ceyhun Qaracayev 13, Elşanə Vəliyeva isə 8 səs toplayıb. Yeri gəlmişkən, yeni ombudsmanın seçilməsi üçün parlamentdə 83 səs çoxluğu kifayət idi.
Daha sonra Səbinə Əliyeva ombudsman kimi vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə dair and içib.
Qeyd edək ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili seçilib. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
Onu da xatırladaq ki, Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 3-cü dərəcə dövlət müşaviridir. Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşı, Milli Məclisin sabiq vitse-spikeri və Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır. Ombdsmanın iki övladı var.