Ermənistan parlamentinin spikeri Alen Simonyan "Şərəfim var" blokundan olan deputat Anna Mkrtçyanın bugünkü iclasa qatılmasını qadağan edib.
Yerli KİV-in yazdığına görə, bundan əvvəl millət vəkili çıxışında baş nazir Nikol Paşinyana "kapitulyant" dediyinə görə spiker tərəfindən xəbərdarlıq almışdı.
"Həmin vaxt Mkrtçyanın çıxışı zalda "ehtiras fırtınası"na səbəb olmuşdu. Spikerin Annaya qarşı davranışı isə müxalifətin kəskin tənqidi ilə nəticələnmişdi. Bu dəfə də Mkrtçyan "Vətəndaş müqaviləsi"ndən olan deputat Eduard Ağacanyanın xarici əlaqələr komissiyasının rəhbəri vəzifəsinə irəli sürülməsindən danışarkən hakimiyyəti sərt şəkildə tənqid edib. O "bütün bunlarda kapitulyantımız Nikol günahkardır" deyib. Spiker bu fikirlərə dərhal reaksiya verərək, Annanın mikrofonunun söndürülməsini tələb edib. Lakin... o, çıxışını artıq başa vurmuş və kürsünü tərk etmişdi.
Simonyan deputata əsəbi halda "günün sonuna kimi iclasda iştirakınızı qadağan edirəm. Zalı tərk edin. Əks halda təhlükəsizlik işçiləri sizi çıxaracaqlar" söyləyərək hədələr səsləndirib.
"Şərəfim var" fraksiyasının nümayəndələri spikerin hərəkətlərinin qanunsuz olduğunu iddia etsələr də, Simonyan "qərar vermək mənim səlahiyyətimdədir" deyərək mövzunu qapadıb" ,- deyə yerli saytlar qalmaqallı hadisənin təfərrüatlarını yazıblar.
Qeyd edək ki, parlamentdəki siyasi təxribatla bağlı danışan Simonyan, müxalifət qrupları içərisində parçalanma və daxili qaydalara tabe olmayan xüsusi davakarların olduğunu söyləyib. O, qruplaşmaları öz dava salanlarını cilovlamayacağı təqdirdə ən sərt tədbirlər tətbiq edəcəyi ilə hədələyib. Spiker tərəfdarlarına da müraciət edərək bu cür təxribatçılara reaksiya verməməyə çağırıb.
"Çox pul xərclədilər, seçkiləri uduzdular və təbii olaraq indi də qaşınırlar", - deyə spiker müxalifət haqqında fikrini bildirib.
Azvision.az xatırladır ki, bu il keçirilən seçkilərdən sonra parlamentdə yeni müxalif qüvvələr formalaşıb. 8 -ci çağırış parlament 107 deputatdan ibarətdir. Hakim "Vətəndaş Müqaviləsi" partiyası 71 millət vəkili ilə təmsil olunur. Seçkilərdə ikinci yeri tutan "Hayastan" (Ermənistan-red.) müxalifət bloku isə 29 mandat alıb. Üçüncü yerdə 7 mandatla "Şərəfim var" blokudur.