
Həmin məlumata görə Tokayev bu gün, mayın 10- da Türkiyəyə gedəcək və səfər iki gün çəkəcək. Liderlerin bir sıra aktual məsələlər kimi, Ukraynadakı durum barədə də fikir mübadiləsi aparacaqları şübhəsizdir. Ankara mövcud proseslərlə bağlı Nur-Sultanın onun mövqeyinə yaxın mövqedə olmasını istəyir. Yəqin ki, Ərdoğan bu barədə fikirlərini həmkarına çatdıracaq.

Xatırlatmaq yerinə düşər ki, bir neçə ay əvvəl Qazaxıstandakı daxili aksiyalardan sonra KTMT qoşunları ölkəyə girdi, ardınca isə eks-prezident, Təhlükəsizlik Şurasının rəhbəri, türkçü Nursultan Nazarbayevin səlahiyyətləri əlindən alındı, Rusiyaya yaxınlığı ilə seçilən Kasım- Jomərt Tokayevin mövqeləri gücləndirildi. Bu isə o deməkdir ki, indi Rusiyanın Qazaxıstana təsir imkanları daha çoxdur. Gələcəkdə liderlər arasındakı hansısa danışıq nəticəsində Qazaxıstanın Rusiyadan daha çox asılı hala düşməsi istisna deyil. Bu, əlbəttə, Ərdoğanın türkdilli dövlətlərlə bağlı arzu və planlarına ziddir. Odur ki, ola bilsin, Türkiyə dövlət başçısı qonağına Rusiya ilə məsafəli davranmaq barədə də müəyyən təlimatlar versin.
Bundan başqa, dövlət başçılarının türkdilli dövlətlərin, Türkiyə- Qazaxıstan əlaqələrinin perspektivini müzakirə etmələri də gözləniləndir.
İndi keçmiş MDB məkanına daxil olan türkdilli dövlətlərdə, o cümlədən Qazaxıstanda Rusiya və Türkiyə arasında mübarizə gedir. Hər ikisi daha çox təsir gücünə sahib olmaq istəyir. Xüsusilə Mərkəzi Asiyada bu mübarizədən kimin qalib gələcəyi isə xeyli dərəcədə Tokayevin Türkiyə səfərinin nəticələrindən asılı olacaq.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti