Bu gün Ermənistan müxalifəti İrəvanın mərkəzindəki "Marriott" otelinin qarşısına toplaşıblar. Etirazçılar Ermənistandakı vətəndaş cəmiyyəti təşkilatlarının oteldə söz və mətbuat azadlığı ilə bağlı konfrans keçirdikləri üçün bura toplaşıblar.
Məqsəd müzakirələrdə iştirak edəcək Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın Ermənistandakı səfiri Lin Treysiyə etiraz etmək olub.
"Müxalifət iddia edir ki, ölkədə diktatura qurmaq yolunda addımlayan Paşinyan və Azərbaycana səfər etmiş səfir Ermənistanın gələcəyini müzakirə edə bilməzlər. Etirazçılar “Treysisiz Ermənistan!”, “Nikolsuz Ermənistan!”, “Türksüz Ermənistan!” şüarları səsləndiriblər.
Xatırladaq ki, bu gün müxalifət nümayəndələri prezident Vaaqn Xaçaturyan və onun litvalı həmkarı Qitanas Nausedanın görüşdüyü prezident iqamətgahı yaxınlığında da oxşar aksiya keçiriblər.
Azvision.az xatırladır ki, son vaxtlar erməni cəmiyyəti ABŞ səfirini daha çox tənqid etməyə başlayıb. Bir neçə gün öncə səfir Lin Treysi "Armenpress"ə verdiyi müsahibə ilə də gündəmə gəlmişdi. O, dolayısı yolla indiki hakimiyyətin fəaliyyətindən razı qaldıqlarını bəyan edib. Səfir qeyd edib ki, Birləşmiş Ştatlar erməni xalqının 2018-ci ildə seçdiyi və 2021-ci ildə parlament seçkilərində bir daha təsdiqlədiyi ümumi demokratik dəyərlərə və bu yola əsaslanan bir gələcək qurmağa kömək etmək öhdəliyinə sadiqdir.