Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Senzor.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
E.Əliyev bundan əvvəl mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2001-ci ildə elə həmin universitetin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə isə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.
E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi fəaliyyət göstərib.