Moldovanın sabiq prezidenti İqor Dodon Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla dörd maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq həbs olunub.
“İnterfaks” bildirir ki, bu barədə jurnalistlərə Baş Prokurorluğun mətbuat katibi Marianna Kerpek məlumat verib.
“İstintaq tədbirləri davam etdirilir. Dodona məxsus evdə və bəzi yerlərdə axtarışlar aparılıb. O, 72 saatlıq saxlanılıb”, - deyə Kerpek bildirib.
İstintaq hərəkətlərini şərh edən Kerpek İnformasiya və Təhlükəsizlik Xidməti əməkdaşlarının Korrupsiyaya Qarşı Mübarizə üzrə Prokurorluqla birlikdə Dodonun evində axtarış apardığını deyib.
“Başqa yerlərdə də axtarışlar aparılır. Ümumilikdə 12 obyektdə axtarışlar aparılır. Vasitəçilərə məxsus daşınmaz əmlak araşdırılır. Faktla bağlı araşdırma “Passiv korrupsiya”, “Cinayət təşkilatı olan siyasi partiya tərəfindən maliyyələşdirilmək”, “Qanunsuz varlanma” və “Dövlətə xəyanət” maddələri üzrə başlanmış cinayət işi çərçivəsində aparılır”, - deyə Kerpek bir daha qeyd edib.
**09:58
Moldovanın eks-prezidenti Iqor Dodonun evində axtarışlar aparılır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Marianna Kerpeek məlumat verib.
Onun sözlərinə görə, axtarışlar Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu, İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılır.
Sabiq dövlət başçısı passiv korrupsiya, qanunsuz varlanma və vətənə xəyanətdə şübhəli bilinir: “Axtarışlar Cinayət Məcəlləsinin 324-cü (passiv korrupsiya), 181-ci (cinayətkar təşkilat tərəfindən siyasi partiyanı maliyyələşdirmə), 337-ci (dövlətə xəyanət) və 330-cu maddəsinin 2-ci bəndi (qanunsuz varlanma) ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə əsaslı şübhə əsasında açılmış cinayət işi çərçivəsində aparılır”.