Rusiyanın Ukraynada başlatdığı müharibə, onun ərzaq və enerji qiymətlərinə, eləcə də gübrələrə təsiri qlobal resessiyaya (geriləmə,çökmə-red.) səbəb ola bilər.
"Reuters"in yaydığı məlumatda belə deyilir.
Nəşr Dünya Bankının prezidenti Devid Malpasa istinad edərək yazır ki, dünya iqtisadiyyatı yeni dönəmə qədəm qoyur.
Qeyd edilir ki, ABŞ Ticarət və Sənaye Palatasının ev sahibliyi etdiyi tədbirdə çıxış edən Malpas dünyanın dördüncü böyük iqtisadiyyatına malik olan Almaniyada enerji qiymətlərinin artması səbəbindən artıq iqtisadiyyatın əhəmiyyətli dərəcədə yavaşladığını deyib. O, fikirlərinə onu da əlavə edib ki, gübrə istehsalının azaldılması digər ölkələrdə də vəziyyəti pisləşdirə bilər.
“Qlobal ÜDM-ə baxsaq, hazırda tənəzzüldən necə qaça biləcəyimizi görmək çox çətindir”, - deyə Malpas vurğulayıb. Amma o, konkret proqnoz verməyib.
Dünya Bankının rəhbəri hesab edir ki, Ukrayna və Rusiya iqtisadiyyatında əhəmiyyətli geriləmə müşahidə olunacaq, Avropa, Çin və ABŞ-da isə iqtisadi artım yavaşıyacaq.(azvision.az)