Ermənistanda etiraz aksiyaları davam edir.
Yerli KİV-in yazdığına görə, müxalifətin "Müqavimət" hərəkatının üzvləri bu gün baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti yürüş təşkil ediblər.
Onlar baş nazirə qarşı “dövlətə xəyanət” maddəsi ilə cinayət işinin açılmasını tələb edərək Fransa meydanından Ali Məhkəmə Şurasına yürüş ediblər. Müxalifətin budəfəki aksiyasına 44 günlük müharibə zamanı öldürülmüş hərbçilərin yaxınları da qoşulublar.
Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.