Türkiyədə gələn il baş tutacaq prezident seçkiləri ilə bağlı vətəndaşlar arasında sorğu keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, anketdə "sabah ümumi seçki olsa, hansı partiyaya səs verərdiniz" sualı qoyulub.
Sorğunun nəticələrinə əsasən, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) yüzdə 28,3 % səslə birinci olub.
Ölkənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) isə yüzdə 27,1 % səslə ikinci sırada qərarlaşıb. Belə ki, CHP hakim partiyadan cəmi 1,2 % geridə qalıb.
Sorğuda İYİ Partiya 16,1, Xalqların Demokratik Partiyası (HDP) 7,8, Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 6,6, DEVA 3,1, Gələcək Partiyası isə 2,8 % səs toplayıb.
Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək. Seçkilərə bir ildən çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyətində aktiv siyasi müzakirələr gedir. Ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın seçkidə rəqibinin kim olacağı hər kəsdə maraq doğurur.
Bundan öncə sabiq baş nazir, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun və ölkənin keçmiş prezidenti Abdullah Gülün prezidentliyə vahid namizəd olacağı barədə iddialar ortaya atılmışdı.