Azərbaycan əsilli iş adamı Qod Nisanov Ümumdünya Yəhudi Konqresininin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb.
Məlumatı təşkilat yayıb.
Məlumata görə, Qod Nisanov bu gündən etibarən təşkilatın İcraiyyə Komitəsində öz fəaliyyətini dayandırır.
Bildirilir ki, Ukraynadakı münaqişə ilə əlaqədar olaraq ABŞ, Böyük Britaniya və yaxud Avropa İttifaqının sanksiya siyahısına daxil edilən heç bir şəxs təşkilatda hər hansı vəzifə tuta bilməz və hansısa rol oynaya bilməz.
Qeyd edək ki, iyunun 2-si ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə yaxın rus elitasına, onların yaxta və təyyarələrinə qarşı yeni sanksiyalar elan edib. Sanksiya tətbiq edilən şəxlər arasında Qod Nisanov da var.
“Qafqazinfo” xatırladır ki, Q.Nisanov 2014-cü ildə Ümumdünya Yəhudi Konqresininin vitse-prezidenti seçilib və təşkilatın rəhbərliyində olan ilk dağ yəhudisi olub.
**21:52(02.06.2022)
ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı sanksiyaların növbəti paketini açıqlayıb.
CNN xəbər verir ki, Rusiya hökumət rəsmilərinə və Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxlara qarşı bir sıra yeni maliyyə və diplomatik sanksiyalar tətbiq olunub.
Maliyyə Nazirliyi və Dövlət Departamenti tərəfindən tətbiq edilən sanksiyalar Rusiyanın bir neçə tanınmış oliqarxlarının lüks aktivlərinə, o cümlədən Prezident Putinin tərəfdaşlarına məxsus bir neçə yaxtaya, təyyarəyə və ABŞ sanksiyalarından yayınmağa çalışan “lüks aktivlərin idarə edilməsi və xidmət şirkətlərinə” qarşı yönəlib.
Sanksiyalar siyahısına ABŞ Dövlət katibi Entoni Blinkenin “Avropanın ən zəngin adamlarından biri və bir neçə rus məmurunun yaxın adamı” adlandırdığı rusiyalı iş adamı Qod Nisanov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın adı daxil edilib.
Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiya bayrağı altında olan "Graceful" və Kayman adaları bayrağı altında üzən "Olympia" adlı iki yaxtaya blok qoyub.
Nazirliyin məlumatına görə, Prezident Putin ötən il də daxil olmaqla, yaxtalarda çoxlu səfərlər edib. Nazirlik, həmçinin yaxtalarla əlaqəli bir neçə idarəetmə şirkətlərinə və yaxta broker şirkətlərinə sanksiya tətbiq edib.
Sanksiyalar həmçinin, Rusiya şirkətlərinə məxsus olan "Shellest" və "Nega" adlı daha iki yaxtanı da hədəf alıb.
Prezident Putinin yaxın dostu olan Sergey Pavloviç Rolduginə, eləcə də Rolduginin həyat yoldaşı Yelena Yuryevna Mirtovaya qarşı sanksiyalar tətbiq olunub.
APA xatırladır ki, Rusiyanın dövlət hava yolları şirkətinin prezidenti Yuri Slyusar, nəqliyyat naziri Vitali Savelyev, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, tikinti, mənzil-kommunal təsərrüfatı naziri İrek Envaroviç Fayzullin və Baş nazirin müavini Dmitriy Qriqorenko da sanksiya tətbiq olunanlar arasındadırlar.