Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində keçirilən iclasda xüsusi ittihamçı Ramiz Göyüşovun vəkili vəsatət qaldıraraq iclasın qapalı keçirilməsini istəyib. Vəkil bildirib ki, müvəkkili işdə olan bəzi görüntülərlə bağlı prosesin açıq keçirilməsini istəmir.
Məhkəmə vəsatəti təmin edərək, prosesin qapalı keçirilməsi ilə bağlı qərar verib.
Daha sonra Əli Əliyevin Ramiz Göyüşov barəsində işlətdiyi ifadələrlə bağlı məhkəmə linqvistik ekspertizasının təyin edilməsi ilə bağlı qərar qəbul olunub. Ekspertiza rəyi açıqlanana qədər iş üzrə icraat dayandırılıb.
Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.
VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.