“Müqavimət” hərəkatının əsas məqsədi güclü Ermənistan qurmaqdır.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu müxalifət liderlərindən biri İşxan Saqatelyan İrəvanda keçirilən mitinqdə deyib.
O, Nikol Paşinyanın hakimiyyətdə olmasını buna əsas maneə hesab edir və bildirir ki, onun vəzifədən uzaqlaşdırılması indiki mərhələdə prioritet vəzifələrdən biri olaraq qalır.
Eyni zamanda, siyasətçi qeyd edib ki, Paşinyanın gedişi ilə hərəkatın missiyası bitməyəcək.
"Nikol Paşinyan gedəndən sonra bizim hərəkat tərəfindən səsləndirilən ideyalar və məqsədlər dövlətin əsas funksiyalarına çevriləcək. Növbəti hakimiyyət müqavimət göstərməyi və dövlətin qarşısında duran çağırışların öhdəsindən gəlməyi bacarmalıdır. Əminəm ki, biz birlikdə bunu edə bilərik”, - deyə “Müqavimət” liderlərindən biri vurğulayıb.
O, müxalifət hərəkatının transformasiya prosesində olduğunu da bəyan edib: “Xüsusi komissiyalar, strukturlar yaradılıb. Qarşıya qoyulan məqsədlərə nail olmaq yollarının və mexanizmlərinin birgə müzakirəsi yaxın gələcək üçün əsas vəzifə olacaq”.
Çıxışını başa vuran Saqatelyan şəhərin mərkəzi ilə ənənəvi yürüş etməyi, sonra isə meydana qayıtmağı və yaxın gələcək üçün planları təqdim etməyi təklif edib.
Xatırladaq ki, mayın 1-dən Ermənistan müxalifəti Nikol Paşinyan hökumətinin istefasını tələb edərək etiraz və vətəndaş itaətsizliyi aksiyaları keçirir. Amma təxminən iki aya yaxın müddətdə tənqidçi kütləni küçələrə çıxarmaq mümkün olmadı, nəticədə hərəkatın koordinatorları mübarizənin taktikasını dəyişərək İrəvanın mərkəzindəki Fransa meydanından çadır şəhərciyi yığışdırmaq qərarına gəldilər.
Senzor.az