Xəbər verdiyimiz kimi, “Yeni Müsavat” qəzetinin baş redaktoru və eyni adlı Media Qrupun rəhbərinin müavini Azər Ayxan tutduğu vəzifədən istefa verib.
Senzor.az bildirir ki, sözügedən Media Qrupunun Baş direktoru Ələsgər Süleymanov məsələ ilə bağlı açıqlama yayıb.
Onun sözlərinə görə, bu istefa gözlənilməz olub: ““Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxanın Media Qrupu ilə yollarını ayırması barədə bəyanatı bizlər üçün də gözlənilməz və çox üzüntülü xəbər oldu.
Azər Ayxan “Yeni Müsavat”ın əsas simalarından biri, onun yolunda 30 il çalışan qardaşımız, vazkeçilməz imzamızdır.
Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir.
“Yeni Müsavat” Media Qrupunun kollektivi hələ də ümid edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək. O zamana, ya da məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq. Əziz həmkarlarımızı səbrli olmağa, bu mövzuda spekulyasiyalara yol verməməyə çağırırıq”.
Maraqlıdır ki, A.Ayxanın qardaşı-“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib.