Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, ölkədə kiril əlifbasından latın əlifbasına keçilə bilər.
O. Danilov bu barədə "Azadlıq radiosu"nun efirində danışıb.
Onun fikrincə, ölkədə yazı dilini dəyişdirmək əsas işlərdən biridir.
O.Danilov, həmçinin ikinci dövlət dili statusunun ingilis dilinə verilməsini də təklif edib. Onun fikrincə, ingilis dili sivil ünsiyyət dili sayılır.
Bundan əlavə, katib Ukraynada uşaq bağçalarında ingilis dilinin tədrisinin tətbiq olunmasının zəruriliyini bildirib.
“Report” qeyd edir ki, 2019-cu ilin aprelində "Ukrayna dilinin dövlət dili olaraq fəaliyyətinin təmin edilməsi haqqında" qanun qəbul edilib. 2021-ci il iyulun 16-dan etibarən Ukrayna televiziyasında yalnız ana dilinə tərcümə olunan filmlər və seriallar yayımlanır, əlavə olaraq konsertlər, əyləncə şouları, sərgilər, ekskursiyalar, teatrlar və muzeylər üçün dövlət dili məcburi hala çevrilib.