"Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olsaq da, oyunçular dayanmırdılar".
Senzor.az bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Rəşad Sadıxovun rəhbərlik etdiyi "Zirə"yə 7:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis oyunçuların sıx qrafikdə çox əziyyət çəkdiklərini bildirib.
Qurbanov görüşdə 4 qol vuran oğlu Musa Qurbanlı haqqında da danışıb: "O, ilk olaraq "Qarabağ", daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz idarəediciləri var. Bu barədə fikir bildirə bilmərəm. Qol vuran futoblçuya maraq çox olur. 4 qol vurması tam hazır olması demək deyil. Mənim üçün vacib olan stabil göstəricilərdir. Hazırlıq mərhələləri var, bunların hamısını keçməlidir. Psixoloji amil də vacibdir. Öz üzərində çox çalışmalıdır. Məşqçilər olaraq bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik".
Xatırladaq ki, Musa Qurbanlı 56, 60, 79 və 85-ci dəqiqələrdə fərqlənib. “Qarabağ”ın heyətində digər qolları Tural Bayramov (44-cü dəqiqə), Kadi Borxes (64) və Ramil Şeydayev (68) vurublar. Rəşad Sadıxovun komandasında isə yeganə qolu 34-cü dəqiqədə matçda hesabı açan Coşqun Diniyev vurub.