“Türkiyəyə təbii qaz tədarükü tam şəkildə həyata keçirilir, o, bu məsələdə ən etibarlı tərəfdaşdır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.
O vurğulayıb ki, “Akkuyu” AES-in tikintisi layihəsi üzrə işlər plana uyğun həyata keçirilir və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə qədər razılaşmaları yerinə yetirmək və daha bir enerji blokunu işə salmaq mümkün olacaq.
V.Putin bildirib ki, Türkiyədə təbii qaz qovşağı yaradılarsa, bu ölkə həm də bu enerji resursunun qiymətinin müəyyən edilməsi platformasına çevrilə bilər.
**15:00
“Taxıl ixracını davam etdirməliyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə deyib.
O bildirib ki, İstanbul razılığının şərtlərinə əməl edilməlidir: “Rusiya taxıl və gübrəsinin az inkişaf etmiş ölkələrə ixracında qətiyyətliyik”.
Qeyd edək ki, Ərdoğanla Putin oktyabrın 13-də Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində bir araya gəliblər.
**14:13
Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində görüşü keçirilir.
Bu məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, enerji sahəsində əməkdaşlıq, Ukraynadakı müharibə və Suriya ilə bağlı məsələlər müzakirə olunur.
Liderlər Rusiya-Ukrayna müharibəsi və atəşkəs prosesi, həmçinin Qara dəniz taxıl dəhlizi məsələsini müzakirə etdikləri bildirilib.