“Azərbaycan və Ermənistan Praqada keçirilmiş dörddərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəlib. Bu, sülh müqaviləsinin əsasını təşkil edir”.
Senzor.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astanada rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi üçtərəfli görüşdə deyib.
O xatırladıb ki, sonuncu dəfə bu formatda görüş bu ilin may ayında Düşənbədə keçirilib: “Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə oktyabrın 2-də ikitərəfli görüş keçirilib və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementləri Ermənistana təqdim olunub”.
**12:00
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov və ermənistanlı həmkarı Aratat Mirzoyanla nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edib.
Senzor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirlər üçtərəfli bəyanatların bütün müddəalarına əməl etməyə, onun şərtlərinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrup vasitəsilə həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Görüşdə həmçinin Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işi və ölkələr arasında sülh müqaviləsi kontekstində aparılan danışıqlar prosesi müzakirə olunub.
Tərəflər yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
**09:00
Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın üçtərəfli görüşü başlayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında məlumat paylaşıb.