Prezident İlham Əliyevin sərəncamları ilə dövlət təltiflərinə layiq görülən mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun mükafatlandırma mərasimi keçirilib.
Senzor.az xəbər verir ki, tədbir Milli İncəsənət Muzeyində baş tutub.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov incəsənət xadimlərinin mədəniyyət sahəsinin inkişafına dəstəyindən danışıb.
Mükafatlandırmanın artıq ənənəyə çevrildiyini vurğulayan nazir bildirib ki, dövlət tərəfindən mədəniyyət xadimlərinin fəaliyyətləri daim diqqətdə saxlanılır və təltif edilirlər. Onun sözlərinə görə, bu, digər şəxslərin də stimullaşdırlması baxımından önəmlidir.
Azərbaycanın qürurlu tarixində mədəniyyət xadimlərini mədəniyyət əsgərləri adlandıran A.Kərimov bundan sonrakı mərhələdə də onların və bütövlükdə nazirliyin üzərinə böyük işlərin düşdüyünü xatırladıb: "Çünki mədəniyyət xadimləri Azərbaycan həqiqətlərinin dünyaya çatırılmasında önəmli şəxslərdir. Vətən müharibəsi ilə yaradıcı mədəniyyət dağıdıcı mədəniyyətə qalib gəldi. Biz artıq tarixi ədaləti bərpa etmişik. Müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün mədəniyyət işçilərinin üzərinə böyük bir məsuliyyət düşür".
Daha sonra Prezident İlham Əliyevin sərəncamları ilə dövlət təltiflərinə layiq görülən mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatlar təqdim edilib.