İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresi davam edir. Beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatının təltifetmə mərasimi baş tutub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev vurğulayıb ki, son illərdə əldə edilən uğurlarımız sayəsində türk dünyası çərçivəsində birgə addımlar atılıb, türk birliyinin əsası qoyulub. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı siyasət, iqtisadiyyat, mədəniyyat, ticarət, gömrük kimi digər sahələri də əhatə edən bir beynəlxalq təşkilatdır.
Bağdad Amreyev noyabrda Səmərqənddə keçiriləcək TDT-nin Zirvə Toplantısında yeni bir mərhələyə qədəm qoyacağına əminliyini ifadə edib.
“Bunun arxasında xalqlarımızın iradəsi və təşkilatın üzv ölkələri liderlərinin qərarlığı dayanır”.
TDT-nin Baş katibi həmçinin pandemiya dövründə təşkilat tərəfindən məqsədyönlü və uğurlu addımların atıldığını diqqətə çatdırıb.
Öz növbəsində çıxış edən Türkiyə səhiyyə naziri Fahrettin Koca bildirdi ki, COVID-19 pandemiyası səhiyyə sahəsi ilə bərabər ölkələr arasında dostluğun da sınağı oldu.
“Böyük Türk dünyasının bir hissəsi olan Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstanla birgə daha da güclüyük. Qardaş ölkələrimiz bu mübarizədə bizimlə birgə öndə oldular. Pandemiya səhiyyə sisteminin güclü olmasının vacibliyini göstərdi. İstehsal gücümüzü birləşdirərək, öz dərman və tibbi ləvazimatlarımızı istehsal edə biləcək böyük ailə olmalıyıq. 20 ildə Türkiyə səhiyyə sisteminə edilən yatırımlar göz qabağındadır - şəhər xəstəxanalarımızda göstərdiyimiz xidmətlər dünya ölkələri tərəfindən təqdir olunur”.
VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatın təltifetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, qarşıdan gələn yüz ilə baxışımızı qardaş və dost ölkələrlə birgə təsəvvür edirik.
“Hazırda biz dünyanın yalnız iqtisadiyyat kimi məsələlər deyil, artıq insanın var olma anlayışı çərçivəsində inkişaf etdiyini görürük”.
COVID-19 pandemiyasının ortaya çıxdığı problemlər haqqında danışan Türkiyə Prezidenti insanlığı bu bəladan qurtarmaq üçün göstərilən səylərdə İbn Sinanın verdiyi tövsiyələrin ortaya çıxdığını qeyd edib.
“Dünyanın fərqli bölgələrində insanı bir vasitə deyil, şəxsiyyət kimi göstərilən səylərin arxasında ortaq mədəniyyətimizin yer aldığını görürük. Türk tibb dünyası olaraq bu təfəkkürü öz sahəmiz üzrə hər an, hər vəsiləylə həyata keçirməliyik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatını təqdim etdi.