Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoglu ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Abdullahian türkiyəli həmkarına Şirazdakı terror aktı ilə bağlı başsağlığına görə təşəkkür edib. İranlı nazir bildirib ki, düşmənlər son hadisələrdən sui-istifadə edərək İranda qeyri-sabitlik yaratmağa çalışırlar.
Çavuşoğlu isə öz növbəsində bildirib ki, İran və Türkiyə təkcə iki qonşu ölkə deyil, həm də yaxşı və pis gündə həmişə bir-birinin yanında olan iki qardaş ölkədir.
O, Şirazdakı terror hadisəsini pisləyib: “Biz terrorla mübarizədə həmişə İranın yanında olmuşuq və olacağıq”.
Bundan əlavə, Çavuşoğlu İran və Azərbaycan arasında danışıqlar prosesini alqışlayıb. Bildirilib ki, hər iki ölkə Türkiyənin dostudur və İranla Azərbaycan arasındakı dostluq onları sevindirir.