Azərbaycanla Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlıq protokolunun fəaliyyət planı imzalanıb.
Senzor.az xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık tviterdə yazıb. Onun sözlərinə görə, sənədə əsasən ailə xidmətləri, ailə təhsili kimi sahələrdə təcrübə mübadiləsi aparılacaq:
"Beləliklə, ölkələrimizin sosial və mədəni inkişafına töhfə vermək istəyirik. Azərbaycanla hər sahədə olduğu kimi, qadın, ailə və uşaq məsələsində də çiyin-çiyinə olmağa davam edəcəyik".
D.Yanık həmçinin qeyd edib ki, fəaliyyət planı çərçivəsində türk dövlətlərində ailə dəyərlərini təbliğ etmək, dəstəkləmək və gücləndirmək məqsədilə "Türk Dünyası Ailə Festivalı"nın təşkili planlaşdırılır. Sənədi Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb. Qeyd edək ki, B.Muradova Türkiyədə səfərdədir.