Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəfləri Konfransı (COP27) öz işinə başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Noyabrın 18-dək davam edəcək konfransın əsas mövzuları iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma, müvafiq sahənin maliyyələşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Səfər çərçivəsində Misirin ətraf mühit naziri xanım Yasmin Fuad ilə görüş olub və digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2016-ci ildə isə Paris Sazişini ratifikasiya edib.(APA)