AZƏRBAYCAN ZƏFƏR GÜNÜNÜ QEYD EDİR

Bu gün Azərbaycanın 44 günlük müharibədə tarixi qələbə qazanmasından iki il ötür.

 

Senzor.az xatırladır ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın döyüş meydanında parlaq qələbəsi və tarixi ədaləti bərpa etməsi ilə nəticələnib.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu noyabrın 9-dək 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad edib.

 

Gəlin, bu əlamətdar gündə Vətən müharibəsinin bəzi məqamlarına bir daha nəzər salaq.

 

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin onilliklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Həmin gün Füzuli, Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Bu, Ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi, Qələbəyə sonsuz inam yaratdı.

 

Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas edildi.

 

Cəbhədən qələbə xəbərləri gəlməkdə davam edir, Prezidentimizin verdiyi bu müjdələr xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadırdı. Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi.

 

Sözsüz ki, Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi.

 

Prezidentimiz 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd edildiyi kimi, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Vətən müharibəsindəki bu misilsiz Qələbə əbədiləşdirildi.

 

Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-da, cəmi bir gün ərzində Laçın rayonunun kəndləri də daxil olmaqla, 70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu, yuxarıda da qeyd etdiyimiz kimi,   44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

 

Vətən müharibəmiz, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. İlk dəfə idi ki, pilotsuz uçuş aparatları döyüş meydanında bu miqyasda, indiyədək görünməmiş uğurla tətbiq olunmuşdu. Bununla yanaşı, yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yolları keçərək Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir.

 

Təsadüfi deyil ki, Azərbaycanda Zəfər Günü məhz Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabrda təntənəli şəkildə qeyd edilir.

 

Sevindirici haldır ki, Azərbaycan xalqı Zəfər Gününü Qarabağda aparılan misilsiz bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir. 

 

Yeri gəlmişkən, Zəfər Günü münasibətilə bu gün bir sıra kütləvi tədbirlər təşkil olunacaq. 

 

Zəfər Günümüz mübarək!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.